Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ötən həftə ərzində 10-u azyaşlı olmaqla 38 nəfəri xilas ediblər.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirlik əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, eləcə də belə hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.
Ötən həftə ərzində “112” qaynar xəttinə daxil olan müraciətlər əsasında FHN-in müvafiq qurumları 143 dəfə yanğınlara, 30 dəfə köməksiz vəziyyətdə qalma halları ilə əlaqədar, 2 dəfə isə yol-nəqliyyat hadisələrinə çıxış ediblər.
Görülən operativ tədbirlər nəticəsində yanğınlar vaxtında söndürülüb, insanların həyatı xilas edilib.
Ümumilikdə, həftə ərzində 38 nəfər, o cümlədən 10 azyaşlı xilas olunub.
Bundan əlavə, bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma və yol-nəqliyyat hadisələri də daxil olmaqla müxtəlif hadisələrlə əlaqədar 2 nəfərin meyiti aşkar edilib.

