İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa çağırıb. Lakin Ağ Ev rəhbəri hələlik Tehranla diplomatik danışıqların davam etdirilməsinə üstünlük verir.
Axios və İsrailin N12 telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, Netanyahu oktyabrın 31-də Tramp ilə telefon danışığı zamanı noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən dərhal sonra İrana yenidən zərbələr endirilməsini istəyib.
Bildirilir ki, İsrailin Baş naziri Qətərin vasitəçiliyi ilə aparılan danışıqların İrana qarşı təzyiqlərin zəifləməsinə səbəb olacağından narahatdır.
Tramp isə əksinə, diplomatik səylərə daha çox vaxt vermək niyyətindədir və İsrailin bu prosesə müdaxilə etməməsini istəyir.
Bununla belə, Vaşinqton danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə İrana qarşı genişmiqyaslı hərbi zərbələrin bərpası ehtimalına da hazırlaşır.
Hazırda Qətər ABŞ və İran arasında vasitəçilik fəaliyyətini davam etdirir. Qətər nümayəndələri Dohada iranlı rəsmilərlə görüşlər keçirərək tərəfləri yenidən birbaşa danışıqlar masasına qaytarmağa çalışırlar.
İranın xarici işlər naziri Abbas Əraqçi isə hələlik heç bir razılaşmanın əldə olunmadığını bildirib. Onun sözlərinə görə, danışıqlarda irəliləyiş ABŞ-nin mövqeyindən asılıdır.

