İmişli rayonunda qanunsuz balıq hövzələrinin yaradılması və dövlət əmlakından şəxsi maraqlar üçün istifadə olunması ilə bağlı ciddi iddialar səsləndirilir.
Yerli mənbələrdən Denmedia.az-ın qaynar xəttinə daxil olan məlumatlarda bildirilir ki, bəzi vəzifəli şəxslərin fəaliyyəti ictimai narazılığa səbəb olub.
İddialara görə, rayonun meliorasiya sahəsinə rəhbərlik edən Samir Məmmədov dövlətə məxsus texnika və avadanlıqlardan şəxsi maraqlar çərçivəsində istifadə olunmasına şərait yaradır. Qeyd olunur ki, rayon ərazisində yaradıldığı bildirilən bəzi balıq göllərində dövlət texnikasının işlədildiyi iddia edilir. Eyni zamanda, iri həcmli maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi barədə də məlumatlar yayılıb.
Mənbələrin bildirdiyinə görə, qurumda işə qəbul prosesləri ilə bağlı da suallar var. İddialarda qeyd olunur ki, paytaxtdan işə gəlib-gedən bir xanım əməkdaşın iş rejimi və funksional vəzifələri ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Onun işə gecikməsi və xüsusi münasibət əsasında fəaliyyət göstərməsi barədə xoşagəlməz söz-söhbətlər dolaşır.
Digər diqqət çəkən məqam isə Dilşad Quliyeva adlı riyaziyyat müəlliminin SİB rəhbəri vəzifəsinə təyin olunması ilə bağlıdır.
Bildirilir ki, bu təyinatın peşə uyğunluğu və prosedur qaydalarına nə dərəcədə cavab verdiyi sual altındadır və qərarın şəxsi maraqlar zəminində verildiyi iddia olunur.
Bundan başqa, maliyyə sektorunda da qanunvericiliyə uyğunluqla bağlı narahatlıqlar var. Belə ki, Əliyev Azad Murtuzəli oğlu və onun oğlunun eyni struktur daxilində – ata tabeliyində oğul prinsipi ilə çalışdığı bildirilir. Bu halın dövlət qulluğu və maliyyə intizamı prinsiplərinə, eləcə də mövcud qanunvericiliyin tələblərinə zidd olduğu iddia edilir.
Qeyd olunan məsələlərlə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq. İddiaların obyektiv araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarının məsələyə müdaxiləsi vacib sayılır.
Mövzunu diqqətdə saxlayacağıq.
Ellada Rəsul
Denmedia.az

