2025-ci il mayın 13-dən etibarən Almaniyanın Lüdviqshafen şəhərindən Azərbaycana təşkil olunan vətəndaş səfəri çərçivəsində 22 nəfərlik nümayəndə heyəti qardaş şəhər Sumqayıta gəlib. Lüdviqshafen-Sumqayıt Dostları Dərnəyi tərəfindən təşkil olunan səfər iki şəhər arasında uzun illərdir davam edən dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyır.
Nümayəndə heyətinə Lüdviqshafen şəhərinin Tikinti və Ətraf Mühit üzrə mer müavini Aleksandr Tevald rəhbərlik edir. Proqram çərçivəsində Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində rəsmi qəbul keçirilib. Görüşdə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov nümayəndə heyətini səmimiyyətlə salamlayaraq Sumqayıtın Almaniya ilə dostluq əlaqələrinin tarixi və əhəmiyyəti barədə geniş çıxış edib.
Zakir Fərəcov: “Bu dostluq körpüsünü gələcək nəsillərə ötürməliyik”
Zakir Fərəcov öz çıxışında bildirib ki, Sumqayıt şəhəri 1977-ci ildən etibarən Lüdviqshafen şəhəri ilə rəsmi qardaşlaşma münasibətləri qurub. Ötən illər ərzində bu əlaqələr yalnız sənədlərlə deyil, reallıqda baş tutmuş qarşılıqlı səfərlər, məktəb və universitetlərarası mübadilələr, mədəniyyət tədbirləri və birgə təşəbbüslərlə möhkəmlənib. Biz bu dostluq körpüsünü daha da möhkəmləndirməli və gələcək nəsillərə ötürməliyik.
İcra başçısı qeyd edib ki, son illər Sumqayıtda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş, şəhərin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artmışdır: “Sumqayıt bu gün Azərbaycanın sənaye və elm mərkəzlərindən biridir. Kimya Sənaye Parkı, texnologiya mərkəzləri, yeni təhsil və səhiyyə müəssisələri şəhərin sürətli inkişafının göstəricilərindəndir. Bununla yanaşı, şəhərimizin yaşıl zonaları genişləndirilir, ekoloji layihələrə diqqət artırılır. Bu baxımdan Lüdviqshafenlə təcrübə mübadiləsi bizim üçün çox önəmlidir.
Zakir Fərəcov Sumqayıtın beynəlxalq əməkdaşlığa daim açıq olduğunu və Lüdviqshafenlə olan tərəfdaşlığın bu baxımdan nümunəvi xarakter daşıdığını vurğulayıb.
Görüşdə çıxış edən Aleksandr Tevald və nümayəndə heyətinin digər üzvləri Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun qaldıqlarını bildirib, Sumqayıtın müasir görünüşü, abad küçələri və inkişaf etmiş infrastrukturu ilə onları heyran etdiyini qeyd ediblər. Onlar bu səfərin xalqlar arasında anlayışın və dostluğun möhkəmlənməsi üçün bir fürsət olduğunu vurğulayıblar.
Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıtdan sonra Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərlər edəcək, ölkənin tarixi-mədəni irsi ilə yaxından tanış olacaqlar.