Sumqayıtda səfərdə olan avstriyalı mer Klaus Luqer və icra başçısı Zakir Fərəcov Prezident İlham Əliyev tərəfindən "möcüzə" adlandırılan "Sumqayıt Bulvarı"nda olub.
Qonağın diqqətinə çatdırılıb ki, 2022-ci ildə istifadəyə verilən 2 saylı Sumqayıt "ASAN xidmət" mərkəzi şəhərdə sayca ikincidir. 1,85 hektar ərazidə 4 mərtəbəli inzibati binada yerləşən "Asan Xidmət" Mərkəzində müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 325 xidmət həyata keçirilir. Mərkəzdə xidmət edən digər dövlət orqanları da daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü fəaliyyət göstərir. Burada ümumilikdə 700 minə yaxın vətəndaşa xidmət göstərilir.
Şəhər rəhbəri Avstriyanın Lints şəhərinin merinə "Bulvar"da yaradılan şərait barədə məlumat verib. Qonaqlar Bulvar ərazisində fəaliyyət göstərən "Asan Xidmət" mərkəzinə baş çəkərək oranın fəaliyyəti ilə tanış olublar.
Qonağa məlumat verilib ki, 2016-cı ildə yaradılan "Sumqayıt Bulvarı"nın sahəsi 106 hektar, uzunluğu isə 4,2 kilometrdir. Burada yerli sakinlərin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.
Bulvarla tanışlıqdan sonra şəhər rəhbəri Zakir Fərəcov fəxri qonağı "Sumqayıt Muğam Mərkəzi"ndə yaradılan şəraitlə tanış edib. Rəsmi hissəsi yekunlaşdıqdan sonra mer Klaus Luqerin şərəfinə təşkil olunan böyük konsert proqramı təqdim olunub.
Sonda İcra Hakimiyyəti başçısı Zakir Fərəcov çıxış edərək Sumqayıtın dünyanın bir çox qabaqcıl və inkişaf etmiş şəhərləri ilə "qardaşlaşmış şəhər" olduğunu diqqətə çatdırıb. Bu baxımdan Almaniyanın Lüdviqsafen, Avstriyanın Lints və Çinin bir neçə şəhərlərini nümunə göstərib. Şəhər rəhbəri avstriyalı meri Sumqayıtda görməkdən məmnun olduğunu deyib və şəhərlər arasındakı dostluq münasibətlərinin gələcək nəsillər tərəfindən davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Öz növbəsində Avstriyanın Lints şəhərinin meri Klaus Luqer möhtəşəm qarşılanmaya görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova dərin minnətdarlığını bildirib.
Den.az