Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən çörək zavodunun direktoru Tofiq Hüseynovun rəhbərlik etdiyi Term Mənzil-Tikinti Kooperativi (MTK) ətrafında ciddi qalmaqal yaranmışdı.
Sahibkar Tağı Tağıyev Den.az-a müraciət edərək, Term MTK tərəfindən ona qarşı hüquq pozuntusu və əmlakına zərər vurulması ilə bağlı şikayətini ictimailəşdirmişdi.
Artıq aralarında yaranmış problem həll olunub. Tağı Tağıyev bildirib ki, Tofiq Hüseynov ona qarşı edilən şikayətin ictimailəşdirilməsindən sonra razılığa gəlib. Vətəndaşla danışıq əsasında Term MTK-a olan borc ödənilib və Tağı Tağıyev həmin obyektdən rahat istifadə edə biləcək.
Xatırladaq ki, bir neçə gün bundan öncə vətəndaş Tağı Tağıyevlə Sumqayıtda yerləşən çörək zavodunun direktoru Tofiq Hüseynovun rəhbərlik etdiyi Term Mənzil-Tikinti Kooperativi (MTK) arasında anlaşılmazlıq olmuşdu. Bildirilmişdi ki, Tofiq Hüseynovun rəhbərlik etdiyi MTK ilə 3 illik alqı-satqı müqaviləsi əsasında obyektin birinci mərtəbəsini icarəyə götürmüş və artıq iki ildir mütəmadi olaraq icarə haqqını ödəyir. Onun sözlərinə görə, obyektə xeyli vəsait yatırıb, məkan tam şəkildə öz hesabına təmir olunub. Lakin gözlənilmədən MTK tərəfindən müqavilənin pozulduğu və əşyalarının çölə atıldığı bildirilib.
Sahibkarın iddiasına əsasən, ona telefonla zəng edilərək, obyektin qapısının qırıldığı, içəridəki bütün malların xəbərdarlıq edilmədən çölə atıldığı deyilib. Rəsmi izahat olaraq isə ona müqavilənin yalnız 1 illik olduğu bildirilib. Halbuki Tağı Tağıyev qarşı tərəflə 3 illik yazılı razılaşma əsasında fəaliyyət göstərdiyini və bu sənədin hələ də qüvvədə olduğunu söyləyir.
İnsident nəticəsində sahibkara təxminən 40 min manatlıq maddi ziyan dəydiyi iddia olunur. Təmir işləri, avadanlıqlar, ərzaq məhsulları və digər ticarət ləvazimatlarının itirilməsi biznes fəaliyyətinə ciddi zərbə vurub.
Bir sözlə Den.az ictimailəşdirdi, problem öz həllini tapdı.
Ellada Rəsul
Den.az