Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Denmedia.az xəbər verir ki, Baş İdarəyə Şəki rayonunun Kiş kəndində qiymətli ağac növlərinin kütləvi şəkildə qanunsuz kəsilməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlər nəticəsində ağacların qanunsuz kəsilməsində şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal etdikdən sonra satışını həyata keçiriblər.
Əraziyə baxış zamanı 100-dən artıq fıstıq ağacının kəsildiyi aşkarlanıb. Ekspertlərin rəyinə əsasən, ağaclardan bəzilərinin 100–150 yaşında olduğu müəyyən edilib.
Hazırda qanunsuz ağackəsmə hallarının qarşısının alınması, digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdırmalar və nəzarət tədbirləri davam etdirilir.
DİN vətəndaşlara müraciət edərək ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsinin, məhv edilməsinin və zədələnməsinin yolverilməz olduğunu xatırladıb.
Bildirilib ki, bu cür əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə də səbəb ola bilər.
Vətəndaşlardan yaşıllıqların qorunmasına həssas yanaşmaları və belə hallarla rastlaşdıqda dərhal polisə məlumat vermələri xahiş olunub.

