ABŞ-nin müdafiə naziri Pit Heqset və onu müşayiət edən şəxslər Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgərin məzarı yaxınlığında gülüb danışdıqlarına görə hərbi qulluqçunun xəbərdarlığı ilə üzləşiblər.
CNN telekanalının məlumatına görə, hadisə noyabrın 11-də Veteranlar Günü münasibətilə keçirilən rəsmi mərasimdən sonra baş verib.
Heqset həyat yoldaşı Cennifer, aparat rəhbəri Rikki Buria, onun müavini Patrik Uiver və baş müşaviri Tami Radabo ilə birlikdə memorialın qarşısında şəkil çəkdirib.
Bundan sonra qrup üzvlərindən bəziləri yüksək səslə danışmağa və gülməyə başlayıblar. Bu isə Naməlum Əsgərin məzarını qoruyan ABŞ Ordusunun 3-cü Piyada Alayının hərbi qulluqçusunun müdaxiləsinə səbəb olub.
“Bütün ziyarətçilər hər zaman sakitliyə və hörmət qaydalarına riayət etməlidirlər!” – deyə qarovulçu yüksək səslə xəbərdarlıq edib.
Pentaqonun sözçüsü Şon Parnell hərbi qulluqçunun xəbərdarlığını düzgün və hörmətli davranış kimi qiymətləndirib.
Qeyd edək ki, Naməlum Əsgərin məzarı ABŞ-nin ən mühüm hərbi memoriallarından biridir. 1948-ci ildən etibarən burada hava şəraitindən asılı olmayaraq sutkanın 24 saatı fəxri qarovul xidmət aparır.

