Bir müddət sakinlərin istifadəsində olan park hasara alınmağa başlayıb. Ərazidə ağacların da kəsildiyi və yerində hər hansı bir tikilinin aparılacağı iddia olunur.
Bu barədə Denmedia.az-a Abşeron rayon Xırdalan şəhər 28-ci məhəllə ərazisində yaşayan sakinlər şikayət ediblər.
Sakinlərin sözlərinə görə, son günlər bir neçə şəxs tərəfindən ərazinin ətrafına çəpərlər çəkilib, ağaclar kəsilib. Bu isə məhəllə sakinlərinin narazılığına səbəb olub. Sakinlər ərazinin ümumiyyətlə baxımsız qaldığını, ətrafa məişət tullantıların atıldığını bildirib.
Məsələ ilə bağlı əməkdaşlarımız ərazidə çəkiliş aparankən özünü həmin torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim edən şəxslə də rastlaşıb. Torpaq sahibi Vüar Əzizov sakinlərin iddialarını təkzib edib. Bildirib ki, sözügedən torpaq sahəsi vaxtilə qanuni şəkildə əldə olunub və illərdir onların mülkiyyətindədir. Ərazi uzun müddət istifadəsiz qaldığından sakinlər burada öz təşəbbüsləri ilə kiçik park yaradıblar. Lakin sonradan park baxımsız vəziyyətə düşüb, ərazidə məişət tullantıları toplanıb. Mülkiyyətçinin sözlərinə görə, hazırda müvafiq tapşırıqlara uyğun olaraq onlara məxsus sahədə abadlıq işləri aparılır.
Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ərazi 10 ildən artıq müddətdir vətəndaşın çıxarış əsasında mülkiyyətindədir. Qeyd olunub ki, həmin ərazidə bir neçə dəfə antisanitar vəziyyət yarandığından mülkiyyətçiyə torpaq sahəsinin təmiz və səliqəli saxlanılması ilə bağlı müvafiq xəbərdarlıqlar edilib. Hətta cərimə də tətbiq edilib. İcra Hakimiyyətinin ərazidə apardığı baxış zamanı isə hər hansı ağacın kəsilməsi faktı qeydə alınmayıb.
Ellada Rəsul
Denmedia.az

