İran Hörmüz boğazının açılması və danışıqların bərpası üçün ABŞ-yə təqdim etdiyi yeddi şərtlə bağlı hələ də rəsmi cavab almayıb.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, strateji əhəmiyyətli dəniz yolunun yenidən açılması və danışıqlar prosesinin bərpası üçün Vaşinqton Tehranın irəli sürdüyü yeddi şərti yerinə yetirməlidir.
“Biz Amerikaya tələblərimizi əks etdirən aydın və şəffaf cavab göndərmişik. Vaşinqton isə mesajımıza hələ də rəsmi və konkret cavab verməyib”, – deyə Qalibaf vurğulayıb.
İran parlamentinin sədri qeyd edib ki, bundan sonrakı addımlar ABŞ-nin mövqeyindən asılıdır. Vaşinqton müvafiq qərar qəbul etməli və mövqeyini rəsmi şəkildə açıqlamalıdır.
Qalibaf əlavə edib ki, ABŞ-nin konkret cavabı verilənədək Hörmüz boğazının açılması və danışıqların bərpası məsələsi həll olunmamış qalacaq.

