Lənkəranda bir ailənin 9 üzvünün qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi faktı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb.
Agentlikdən verilən məlumata görə, hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Lənkəran rayonunun Osaküçə kəndində yaşayan ailənin üzvləri evdə hazırlanmış plov və konservləşdirilmiş pomidor yedikdən sonra özlərini narahat hiss ediblər.
AQTA əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Agentlik vətəndaşlara müraciət edərək ev şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşınma qaydalarına ciddi əməl olunmasının vacibliyini xatırladıb.
Qeyd edək ki, Lənkəranın Osaküçə kəndində bir ailənin 9 üzvü, o cümlədən 3 uşaq qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.
Onlara zəruri tibbi yardım göstərilib. Günorta saatlarında ailənin bütün üzvləri öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar.

