Noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüş zamanı Ukrayna Prezidenti İlham Əliyevi Zəfər Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib.
Tərəflər Volodimir Zelenskinin Azərbaycana səfərini və həmin səfər çərçivəsində aparılan müzakirələri məmnunluqla xatırlayıblar.
Görüşdə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin, o cümlədən özəl sektorlar arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma, xüsusilə elektrik avadanlıqlarının təchizatı sahəsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Ukraynanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda münaqişədən sonrakı dövrdə həyata keçirdiyi bərpa və quruculuq işlərini böyük maraqla izlədiyi qeyd olunub. Azərbaycanın bu sahədəki təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli ola biləcəyi vurğulanıb.
Görüşdə Azərbaycan və Ukrayna prezidentləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

