Qazaxıstanın paytaxtı Astanada yaşayış kompleksinin pəncərəsindən dollar əskinasları ilə dolu olduğu bildirilən çamadanların atılması barədə görüntülər yayılıb. Eyni zamanda ölkənin iki böyük dövlət şirkətinin rəhbəri korrupsiya şübhəsi ilə saxlanılıb.
“Baza” teleqram kanalının məlumatına görə, hadisə paytaxtdakı elit yaşayış komplekslərindən birində baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə binanın qarşısında yerə səpələnmiş dollar əskinaslarına bənzər pullar və çamadanlar görünür.
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi “Samruk-Kazına” Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupovun və “Qazaxıstan Dəmir Yolları” milli şirkətinin rəhbəri Eljas Otınşiyevin saxlanıldığını təsdiqləyib.
Qurumun məlumatına görə, hər iki şəxs noyabrın 11-də korrupsiya cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb. Əməliyyat çərçivəsində digər şəxslər də tutulub.
Hazırda işin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə istintaq hərəkətləri aparılır. Qurum araşdırmanın digər təfərrüatlarının hələlik açıqlanmayacağını bildirib.
“Samruk-Kazına” Qazaxıstanın ən böyük dövlət investisiya fondlarından biridir. Fond ölkənin energetika, sənaye və nəqliyyat kimi strateji sahələrində fəaliyyət göstərən mühüm şirkətləri idarə edir.

