Səhər saat 06:00-dan 09:00-dək insult riskinin günün digər saatları ilə müqayisədə daha yüksək olduğu müəyyən edilib.
Bu barədə Harvard Tibb Məktəbinin mütəxəssisi, qastroenteroloq Trişa Paşriça “The Washington Post” qəzetinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, saat 06:00–09:00 aralığında insult riski 72 faiz, səhər 06:00-dan günorta 12:00-dək isə infarkt riski 40 faiz yüksək olur.
Mütəxəssis bunu səhər saatlarında orqanizmdə baş verən bioloji dəyişikliklərlə əlaqələndirib.
Belə ki, yuxudan oyandıqdan sonra melatonin hormonunun səviyyəsi azalır, kortizolun miqdarı artır və qan təzyiqi yüksəlməyə başlayır.
Eyni zamanda qanın laxtalanmasında iştirak edən trombositlərin bir-birinə yapışma meyli güclənir. Qan laxtalarının parçalanmasına mane olan zülalın səviyyəsi də səhər saatlarında ən yüksək həddə çatır.

Bu dəyişikliklər infarkt və insult riskinin artmasına şərait yarada bilər.
Paşriça xüsusilə yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərin diqqətli olmasının vacibliyini vurğulayıb.
Həkim bildirib ki, təzyiq dərmanlarını mütləq axşam qəbul etmək lazım deyil. Əsas məsələ preparatları həkimin təyin etdiyi qaydada, müntəzəm qəbul etmək və dozanı buraxmamaqdır.
“Mən insanlara qan təzyiqini evdə müntəzəm ölçməyi, o cümlədən səhərlər dərman qəbul etməzdən əvvəl yoxlamağı tövsiyə edirəm”, – deyə mütəxəssis əlavə edib.

