İranın paytaxtı Tehranda qadınların hərbi hazırlığı üçün xüsusi təlim mərkəzi fəaliyyətə başlayıb.
Noyabrın 10-da Azadi meydanında açılan mərkəz İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli “Bəsic” təşkilatının həyata keçirdiyi “Can Fəda” adlı ümummilli səfərbərlik proqramı çərçivəsində yaradılıb.
“Associated Press” və “Euronews”un məlumatına görə, proqramın əsas məqsədi ABŞ və ya İsrail tərəfindən mümkün quru əməliyyatına qarşı mülki əhalinin hazırlığını gücləndirməkdir.
Təlimlərə könüllü qoşulan qadınlar həftədə ən azı iki gün hərbi hazırlıq keçirlər.
Yayımlanan görüntülərdə qadınların odlu silahlardan istifadə etməsi, kəndirlərlə divarlardan enməsi və hündürlükdə polad troslar vasitəsilə hərəkət etməsi əks olunub.
Hazırlıq proqramına tüfənglərdən istifadə, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, ilkin tibbi yardım və xilasetmə üzrə məşğələlər də daxildir.
Bəzi qadınların təlim mərkəzinə uşaqları ilə birlikdə gəldiyi bildirilir.
İran rəsmiləri qadınların yalnız yardımçı fəaliyyətlərdə deyil, zərurət yaranacağı təqdirdə ölkənin müdafiəsində də fəal iştirak etməsini hədəflədiklərini açıqlayıblar.
İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Məhəmməd Rəsulullah birləşməsinin komandir müavini Əlirza Salarkiya bildirib ki, “Can Fəda” proqramına qoşulanların təxminən yarısı qadınlardır.
İran hakimiyyətinin məlumatına əsasən, ölkə üzrə 30 milyondan çox insan səfərbərlik proqramında qeydiyyatdan keçib. Lakin bu rəqəm müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Təlim iştirakçılarından Sepide Kərəmi mümkün xarici müdaxiləyə qarşı hazırlıqlı olmaq üçün proqrama qoşulduğunu bildirib. O, ölkəsini müdafiə etməkdə qərarlı olduğunu və hərbi hazırlığını davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, İranda qadınlar üçün məcburi hərbi xidmət nəzərdə tutulmayıb. Bununla belə, onlar könüllü şəkildə müxtəlif müdafiə və yardım fəaliyyətlərinə qoşula bilirlər.
Qadınların hərbi səfərbərliyə cəlb olunması ölkədə müzakirələrə də səbəb olub. Qadınların geyiminə və ictimai həyatda hüquqlarına tətbiq edilən məhdudiyyətlər fonunda bu təşəbbüs fərqli reaksiyalarla qarşılanıb.

