Hollivud ulduzu Conni Depp böyük kinoya qayıtmaq üçün qonorarını əhəmiyyətli dərəcədə azaltmağa razılaşıb.
“Variety” nəşrinin məlumatına görə, 63 yaşlı aktyor “Ebenezer” filmində baş rola görə cəmi 5 milyon dollar qonorar alıb.
Bu məbləğ keçmiş həyat yoldaşı Ember Hörd ilə məhkəmə çəkişmələrindən sonra karyerasında ciddi çətinliklərlə üzləşən aktyorun əvvəlki gəlirləri ilə müqayisədə xeyli aşağıdır.
Bununla belə, müqavilədə əlavə bonuslar da nəzərdə tutulub. Film kinoteatrlarda uğur qazansa, Deppin yekun qazancı əhəmiyyətli dərəcədə arta bilər.
Müqayisə üçün, aktyor 2018-ci ildə çəkildiyi “Fantastik məxluqlar” filmindən 16 milyon dollar qazanıb.

Onun karyerasının ən gəlirli layihələrindən biri isə “Karib dənizinin quldurları” franşizasının beşinci filmi olub. Deppin bu ekran əsərindən bonuslarla birlikdə təxminən 90 milyon dollar əldə etdiyi bildirilir.
Aktyorun “Alisa möcüzələr ölkəsində” filmindən də təxminən 50 milyon dollar qonorar aldığına dair məlumatlar var.
Qeyd edək ki, Çarlz Dikkensin məşhur “Milad nəğməsi” əsəri əsasında çəkilən “Ebenezer” filminin noyabrın 13-də kinoteatrlarda nümayişə çıxarılması planlaşdırılır.

