Şəkərdən və karbohidrat tərkibli qidalardan tamamilə imtina etməyə əsaslanan sərt pəhrizlər sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Bu barədə Sankt-Peterburqdakı “SM-Klinika”nın endokrinoloqu İlya Atraxov “Lenta.ru” nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qidalanmanın həddindən artıq məhdudlaşdırılması maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
Atraxov bildirib ki, bəzi tədqiqatlarda şəkəri rasiondan tam çıxaran şəxslərdə insulinə qarşı həssaslığın azalması, qanda qlükoza səviyyəsinə nəzarətin pisləşməsi və qaraciyərin piylənməsi kimi hallar müşahidə olunub.
Mütəxəssis bunu orqanizmin qlükoza çatışmazlığına uyğunlaşmaq üçün maddələr mübadiləsini dəyişməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, belə sərt məhdudiyyətlər bağırsaq mikroflorasına da mənfi təsir göstərə bilər. Atraxov faydalı bakteriyaların sayının azalmasının və iltihabla əlaqəli mikroorqanizmlərin çoxalmasının xroniki sağlamlıq problemləri riskini artıra biləcəyini bildirib.
Həkim əlavə edib ki, bəzi insanlarda şirniyyatdan qəfil imtina zamanı halsızlıq, bədən ağrıları və qida haqqında davamlı düşünmək kimi əlamətlər yarana bilər.
Atraxovun sözlərinə görə, bəzi araşdırmalarda iştirakçıların təxminən üçdə biri ilk iki həftə ərzində sərt pəhrizə əməl etməyi dayandırıb. O, uzunmüddətli məhdudiyyətlərin yuxusuzluq və narahatlıqla da müşayiət oluna biləcəyini qeyd edib.

Mütəxəssis xüsusilə meyvə və giləmeyvələrin karbohidrat tərkibinə görə rasiondan çıxarılmasını düzgün hesab etmir. Çünki bu qidalar lif, vitamin və antioksidantların mühüm mənbəyidir.
Bununla belə, əlavə şəkərdən imtina etmək orqanizmin qlükozasız qalması demək deyil. Orqanizm ehtiyac duyduğu qlükozanı digər qida mənbələrindən də əldə edə bilir.
Ümumdünya Səhiyyə Təşkilatı əlavə və sərbəst şəkərlərin gündəlik enerji qəbulunun 10 faizindən az olmasını, mümkün olduqda isə bu göstəricinin 5 faizə endirilməsini tövsiyə edir.

