Türkiyəli məşhur aktrisa Demet Evgar aktrisa olmaq üçün 17 yaşında aclıq aksiyasına başladığını və çəkisinin 38 kiloqrama qədər azaldığını açıqlayıb.
Hazırda “2 Aile Arasında” filmi ilə gündəmdə olan 46 yaşlı aktrisa Ahmet Mümtaz Taylanın aparıcılıq etdiyi “Empati” proqramının qonağı olub. Uşaqlıq illərindən aktyorluq karyerasına, ailəsindən evliliyinə qədər bir çox mövzuda danışan Evgar konservatoriyada təhsil almaq üçün verdiyi mübarizədən söz açıb.
Aktrisa orta məktəbi bitirdikdən sonra konservatoriyada oxumaq istədiyini, lakin atasının buna qarşı çıxdığını bildirib. Ailəsini razı salmaq üçün isə qeyri-adi üsula əl atıb.
“Orta məktəbdən sonra konservatoriyada oxumaq istədim, amma atam başqa ixtisas seçməyimi söylədi. Mən də ondan demokratik ailə olub-olmadığımızı soruşdum. 'Bəli' cavabını verəndə 'Onda etiraz etmək hüququmdan istifadə edirəm' dedim və aclıq aksiyasına başladım. Onlar yemək yediyimi düşünürdülər, amma heç nə yemirdim”, – deyə Evgar bildirib.
Aclıq aksiyası nəticəsində ciddi çəki itirən aktrisa ailəsi razılıq verdikdən sonra belə bir müddət qidalana bilmədiyini etiraf edib.
“Bir müddət sonra razılaşdılar, amma bu dəfə istəsəm də, yemək yeyə bilmirdim. Sonradan özümü toparladım, bir həftə ərzində çəkim 48 kiloqrama çatdı. Ancaq saçlarım töküldü. Konservatoriya imtahanlarına pariklə girdim”, – deyə o bildirib.

Həm İzmir, həm də İstanbuldakı konservatoriya imtahanlarından uğurla keçdiyini söyləyən Evgar müəllim Özdemir Nutkunun atasına “Yıldız Kenter bu qızı seçibsə, orada oxumalıdır” deməsindən sonra İstanbula getdiyini qeyd edib.
2022-ci ildə Levent Babataşla ailə quran və Mavi adlı qızı olan aktrisa xoşbəxt evliliyin əsasını komanda ola bilməkdə gördüyünü deyib.
“Məncə, əsas məsələ bir komanda ola bilməkdir. Münasibətlər yalnız belə davam edə bilər. Qarşılıqlı güzəştə getmədən, eyni zamanda ləyaqəti qoruyaraq münasibət qurmaq çox çətindir. Mən ərimin qəlbini, saflığını çox sevirəm. Onun məktəb illərindəki halı belə tam mənim zövqümə uyğundur”, – deyə Evgar bildirib.
Uşaqlığını böyük və mehriban ailədə keçirdiyini deyən aktrisa qızı Mavinin də eyni mühitdə böyüməsini arzuladığını vurğulayıb.
“Qızım Maviyə verə biləcəyim ən böyük şey böyük ailənin bir süfrə arxasında toplaşmasıdır. Həyat yoldaşım da ailəyə bu cür yanaşdığı üçün bunu bacardığımızı düşünürəm”, – deyə o əlavə edib.
Evgar uşaqlıqdan bəri hər gecə xəyal quraraq yuxuya getdiyini, bunun onun üçün yuxu dərmanı kimi təsir göstərdiyini də bildirib.

