Rusiyanın keçmiş imperator sülaləsi Romanovların zinət əşyaları kolleksiyasına aid nadir sapfir İsveçrənin Cenevrə şəhərində keçirilən “Sotheby's” hərracında 4,9 milyon dollara satılıb.
Qiymətli daşın yekun satış məbləği ilkin ən yüksək qiymətləndirməni iki dəfədən çox üstələyib.
197,8 karat ağırlığında olan sapfir məşhur “Cartier” zərgərlik evinin hazırladığı, brilyantlar və dağ bülluru ilə bəzədilmiş geniş qolbağın üzərində yerləşdirilib.
Həndəsi formalı qolbağın dizaynında art-deko üslubunun elementlərindən istifadə olunub. Zinət əşyası həm daşın tarixi əhəmiyyətini, həm də “Cartier” brendinin zərgərlik ənənələrini əks etdirir.

Nadir zinət əşyası “Kral ailələrinin və zadəganların qiymətli əşyaları” adlı hərracda satışa çıxarılıb. Onun ilkin dəyəri 1–2 milyon dollar arasında qiymətləndirilib.
“Sotheby's” hərrac evinin məlumatına görə, sapfir XIX əsrə aiddir. Hazırkı qolbaq isə “Cartier” tərəfindən təxminən 2015-ci ildə hazırlanıb.
“The Standard” nəşrinin məlumatına əsasən, Romanovlar sülaləsinə məxsus zinət əşyalarının yalnız az bir hissəsi günümüzə qədər gəlib çatıb.
Bu səbəbdən 197,8 karatlıq sapfir Rusiya imperator ailəsinin dövründən qalan ən əhəmiyyətli qiymətli daşlardan biri hesab olunur.

