Hindistanın Maharaştra ştatında pələngin hücumuna məruz qalan 38 yaşlı fermer həyatını itirib.
“Free Press Journal” nəşrinin məlumatına görə, faciənin qurbanı Devidas Takale olub.
Qonşularının sözlərinə görə, kişi səhər saatlarında mal-qarası üçün ot biçmək məqsədilə təpəlik əraziyə gedib.
Bir müddət sonra oğlu biçilmiş otları daşımaqda atasına kömək etmək üçün həmin yerə yollanıb. Lakin atasını tapa bilməyib.
Təpənin yaxınlığında qan izləri və meyitin sürükləndiyini göstərən əlamətlər aşkar edilib. İzlər kolluq əraziyə doğru uzanıb.
Oğlu dərhal kəndə qayıdaraq sakinlərə xəbər verib. Bundan sonra kəndlilər dəyənək və baltalarla silahlanaraq hadisə yerinə gediblər.
Təpədən təxminən 500 metr aralıda pələngin kişinin üzərində dayandığını görüblər. Yaxınlaşan insanları görən yırtıcı ərazidən qaçıb.
Həmin vaxt Devidas Takale artıq həyatını itirmiş olub.
Məlumata görə, pələng ötən həftə də həmin ərazidə görünüb. Hazırda yırtıcının tapılması istiqamətində axtarışlar aparılır.

