Azərbaycan şahmatçısı Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
18 yaşadək qızların yarışında mübarizə aparan Nərmin Abdinova səkkizinci turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edib.
Ardıcıl səkkizinci qələbəsini qazanan şahmatçımız mümkün 8 xaldan 8-ni toplayaraq turnirin başa çatmasına bir tur qalmış Avropa çempionluğunu təmin edib.
Beləliklə, Nərmin Abdinova sonuncu turun nəticəsindən asılı olmayaraq qızıl medalın sahibi olub.
Qeyd edək ki, Azərbaycan 18 yaşadək qızlar arasında Avropa çempionatında sonuncu dəfə 2014-cü ildə qızıl medal qazanıb. Həmin vaxt Gürcüstanın Batumi şəhərində keçirilən yarışda Ülviyyə Fətəliyeva Avropa çempionu olub.
Çempionata noyabrın 12-də yekun vurulacaq.

