İspaniyada kirayə qiymətlərinin kəskin artması, mənzil böhranının dərinləşməsi və əməkhaqlarının aşağı olması səbəbindən 14 ildən sonra ilk dəfə ümummilli tətil keçirilib.
Noyabrın 11-də baş tutan 24 saatlıq tətil ölkənin bir çox şəhərində kütləvi etirazlarla müşayiət olunub. Limanlardan avtomobil zavodlarına qədər müxtəlif sahələrdə iş dayanıb, nəqliyyatın hərəkətində ciddi fasilələr yaranıb.
Son məlumatlara görə, etirazlar zamanı azı 75 nəfər saxlanılıb, polis və nümayişçilər arasında qarşıdurmalar baş verib. İspaniya mediasında yaralananların sayının 25-ə çatdığı bildirilir.
Aksiya ölkənin iki böyük həmkarlar ittifaqı – UGT və CCOO, eləcə də digər işçi təşkilatları və kirayəçilər birliklərinin dəstəyi ilə təşkil edilib.
“Əməkhaqları. Mənzil. Qiymətlər” şüarı altında keçirilən tətilin əsas tələbləri münasib qiymətə mənzil təminatı, kirayəçilərin hüquqlarının qorunması və əməkhaqlarının artırılması olub.
Tətil xüsusilə sənaye müəssisələrinin fəaliyyətinə ciddi təsir göstərib. Həmkarlar ittifaqlarının məlumatına görə, limanlarda və avtomobil sənayesində iştirak səviyyəsi 90 faizə çatıb. Bəzi avtomobil zavodlarında istehsal tam dayandırılıb.
Paytaxt Madriddə və Barselonada minlərlə insan küçələrə çıxıb. Madriddə yağışlı hava şəraitinə baxmayaraq, genişmiqyaslı yürüş keçirilib. Rəsmi məlumatlara əsasən, paytaxtdakı nümayişə təxminən 120 min nəfər qatılıb.
Barselonada da kütləvi aksiyalar təşkil olunub. Bəzi ərazilərdə nümayişçilərlə polis arasında qarşıdurmalar yaşanıb, mağazaların şüşələri sındırılıb və yanğınlar törədilib.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, tətil zamanı ölkə üzrə mindən çox insident qeydə alınıb.
Etirazların əsas səbəblərindən biri ölkədə mənzil əldə etməyin getdikcə çətinləşməsidir. Son on ildə İspaniyada orta kirayə qiymətləri təxminən iki dəfə artıb.
Tətil iştirakçıları dövlətin mənzil bazarına daha təsirli müdaxilə etməsini, sosial mənzillərin sayının artırılmasını və daşınmaz əmlak spekulyasiyasına qarşı tədbirlər görülməsini tələb edirlər.
Kütləvi etirazlar noyabrın 29-na təyin olunmuş növbədənkənar parlament seçkiləri ərəfəsində baş verib. Mənzil böhranı ölkənin əsas siyasi müzakirə mövzularından birinə çevrilib.






