Göyçayda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans keçirilib.
DenMedia.az-ın yerli bürosu xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Konfransın əsas məqsədi milli-mənəvi kimliyin cəmiyyətin təməl dəyəri kimi əhəmiyyətini vurğulamaq, gənc nəslin milli dəyərlərə bağlılığını gücləndirmək, həmçinin müasir sosial, mədəni və ideoloji çağırışlara dair müzakirələr aparmaq olub. İştirakçılar milli kimliyin qorunması və onun inkişaf etdirilməsi ilə bağlı müxtəlif təklif və tövsiyələrini bölüşüblər.
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini maarifləndirmə istiqamətində regionlarda silsilə konfranslar keçirir. Bu gün Göyçayda baş tutan tədbir həmin konfransların sonuncusudur. Məqsədimiz din-dövlət münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi, məzhəbçilik və dini radikalizmlə mübarizə sahəsində maarifləndirməni gücləndirməkdir. Regional tədbirlərə Göyçayla yanaşı ətraf rayonlardan olan din xadimləri, dini icma sədrləri, aktiv dindarlar və ziyalılar da cəlb olunur. Konfransı panellər formatında təşkil etmişik və Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri, hətta institut rəhbərliyi də müzakirələrdə iştirak edir. Konfransların mövzuları keçirildiyi bölgənin dini xüsusiyyətlərinə uyğun olaraq seçilir. Harada radikalizm mövzusu aktualdırsa, həmin istiqamətdə, harada məzhəbçilik ön plandadırsa, o mövzuda tədbirlər keçiririk. Göyçaydakı konfransın ‘Milli-mənəvi kimlik və müasir çağırışlar’ mövzusunda olması da təsadüfi deyil. Milli dəyərlərimizin təbliği həm dini radikalizmdən qorunma baxımından, həm də dövlətçiliyimizin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.”
Konfrans çərçivəsində “Ənənəvi dini mühitə təhdidlər və mübarizə yolları” və “Milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətə çatdırılmasında din xadimlərinin rolu” mövzularında panel müzakirələri keçirilib. Panel iştirakçıları müasir dövrdə dini maarifçiliyin düzgün təşkili, gənclərin zərərli ideologiyalardan qorunması və milli-mənəvi dəyərlərin cəmiyyətə daha effektiv çatdırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Aqil Əsədov
Denmedia.az

