Fransanın Kolmar şəhərində şəhid övladlarının iştirakı ilə VIII “Qarabağ qardaşlaşmış məktəbləri” yay düşərgəsi fəaliyyətə başlayıb. Bu barədə Report məlumat yayıb.
Layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi və Nant şəhərində fəaliyyət göstərən “Qarabağ həftəsonu məktəbi” ilə birgə həyata keçirilir.
Düşərgənin proqramına maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirləri, həmçinin vətənpərvərlik mövzusunda görüşlər daxildir.
Düşərgə çərçivəsində Azərbaycan məktəblərində təhsil alan şəhid övladları Nant şəhərindəki “Qarabağ həftəsonu məktəbi”nin şagirdləri ilə görüşüblər.
Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov, təlimçi Lalə Hüseynzadə və Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının nümayəndəsi Asbənd Fətəliyeva çıxış ediblər.
Onlar layihənin əhəmiyyətini və şəhid övladlarına göstərilən dövlət dəstəyini vurğulayıblar.
Düşərgə iyulun 23-dək davam edəcək.






