Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, eləcə də məktəbdə təhsil alan şəhid və qazi övladları iştirak ediblər.
Tədbir çərçivəsində uşaqlar üçün maraqlı və rəngarəng əyləncə proqramı təşkil olunub. Müxtəlif oyunlar, musiqili çıxışlar və interaktiv tədbirlər uşaqlarda böyük sevinc hissi yaradıb. Bayram ovqatı yaşayan uşaqlar gün ərzində xoş anlar keçirərək əyləniblər.
Qeyd edək ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən bu tədbir uşaqlara göstərilən diqqət və qayğının, eləcə də şəhid və qazi ailələrinə verilən dəyərin növbəti təzahürü kimi yadda qalıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Almaz Hüseynova bildirib ki, uşaqların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi hər bir müəllimin əsas məqsədidir: "Bu gün burada uşaqlarımızın sevincini görmək bizim üçün ən böyük mükafatdır.
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova isə bildirib ki, uşaqlar cəmiyyətin ən qiymətli sərvətidir: O, həmçinin Abşeron rayon İcra Hakimiyyıtinin başçısı Abdin Fərzəliyevin salamlarını da çatdırıb. Bildirib ki, "Şəhidlərimizin və qazilərimizin bizə əmanət qoyduğu övladların üzündə təbəssüm görmək hər birimiz üçün qürurvericidir. Xatirə İsmayılova qeyd edib ki, tədbirin keçirilməsi üçün məhz Şəfəq qəsəbə tam orta məktəbinin seçilməsi təsadüfi deyil. Belə ki, bu təhsil ocağında şəhid və qazi ailələrinin övladları çoxluq təşkil edir və onların mənəvi dəstəklənməsi, sevindirilməsi xüsusi əhəmiyyət daşıyır.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev isə uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb.
Çıxışlarda vurğulanıb ki, uşaqlar cəmiyyətin gələcəyidir və onların hərtərəfli inkişafı dövlətin daim diqqət mərkəzindədir. Xüsusilə şəhid və qazi ailələrinin övladlarına göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.
Tədbirin sonunda şəhid və qazi övladlarının iştirakı ilə bayram tortu kəsilib. Daha sonra uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Balacaların üzündəki sevinc və təbəssüm tədbirin ən yaddaqalan məqamlarından biri olub.

