Uzun illərdir Ucar rayonunun Alpout kəndində həm içməli, həm də suvarma suyu problemi sakinlərin gündəlik həyatını çətinləşdirir. Kəndin yarıdan çox hissəsində yaşayan sakinlər içməli suya olan tələbatlarını ödəmək üçün hər dəfə 30-40 manat xərcləyərək suyu xüsusi maşınlarla almağa məcbur qalırlar.
Sakinlərin sözlərinə görə, kəndin aşağı hissəsinə aylarla su gedib çıxmır. Xüsusilə yay aylarında havaların isti keçməsi səbəbindən vəziyyət daha da ağırlaşır. İçməli su çatışmazlığı ilə yanaşı, həyətyanı və əkin sahələrinin suvarılmasında da ciddi problemlər yaşanır.
Kənd sakinləri bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günədək problemin həlli istiqamətində heç bir ciddi addım atılmayıb. Onlar uzun illərdir davam edən su probleminin aradan qaldırılmasını və kəndin fasiləsiz içməli su ilə təmin olunmasını istəyirlər.
Mövcud məsələ ilə bağlı Ucra rayon Su Meliorasiya sistemlərinin istismarı idarəsindən DenazTV-yə bildirilib ki, vətəndaşların haqlı şikayətinin aradan qaldırılması istiqamətində addımlar atılacaq.
Ataların yaxşı bir sözü var. Su gələn arxa bir də gələr. Ümid edək ki, bu dəfə gələn su söz verib işinin məsuliyyətini dərk etməyənləri yuyub aparmaz.
Əlibala Ələsgərov
Denmedia.az

