Xaçmaz rayonunun Çarxı kəndində sosial problemlər gündən-günə dərinləşir.
Sakinlərin "Den.az"a verdiyi məlumata görə, kənddəki zibil xəndəkləri uzun müddətdir təmizlənmir, bu isə üfunətli qoxunun bütün ərazini bürüməsinə səbəb olub. Antisanitar vəziyyət xüsusilə uşaqlar və yaşlılar üçün sağlamlıq riski yaradır.
Kəndin marşrut dayanacağı da bərbad vəziyyətdədir. Toz, zibil və natəmizlik səbəbindən oraya daxil olmaq belə mümkün deyil. Sakinlər bu problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hələ də nəticə yoxdur.
Məsələ ilə bağlı Çarxı kənd bələdiyyəsinə müraciət etdik. Yerində olmadığından sədrə telefonla əlaqə saxlamaq istəsək də, cavab ala bilmədik. Görünür, kənddəki sosial problemlər təkcə ətrafı deyil, sədri də "susdurub". Sakinlər deyir: “Daşdan səs çıxdı, amma bələdiyyə sədrindən çıxmadı”.
Xatırladaq ki, kənddaxili yollar və bu kimi sosial məsələlər birbaşa bələdiyyələrin balansına daxildir. Problemi diqqətdə saxlayırıq.
Nüşabə Baxşıyeva
Den.az