Abşeron rayonunun Qobustan kəndində ötən gündən davam edən güclü yağışlar demək olar ki, ərazidə hərəkəti iflic vəziyyətinə salıb.
DenMedia.az-a müraciət edən sakinlər bildirib ki, dağlıq ərazidən gələn güclü sel suları kəndin əsas yollarını, həyətləri və bir çox sakinlərə məxsus təsərrüfat sahələrini su altında qoyub.
Sakinlərin sözlərinə görə, bu vəziyyət hər il təkrarlanır, lakin aidiyyəti qurumlar tərəfindən problemin köklü şəkildə həllinə nail olunmur. “Yağış bir az güclü yağanda kəndin aşağı hissəsinə axan sel suları həyətlərə dolur. Mal-qaramız, məhsullarımız zərər görür. Artıq illərdir eyni mənzərə yaşanır, amma heç kim ciddi tədbir görmür,” – deyə kənd sakinləri bildirib.
Sel suları nəticəsində bəzi yollar keçilməz hala düşüb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlıdır. Abşeron rayon icra hakimiyyəti, Qobustan kənd bələdiyyəsi və Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları ərazidə olub. Bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qeyd edək ki, Qobustan kəndi dağətəyi ərazidə yerləşir və sel suları ən çox həmin kəndi tutur. Bu səbəbdən aidiyyatı qurumlar yağış yağan kimi texnikaları kənd ərazisinə cəlb edir. Hazırda sözü gedən ünvanda bənd vurma işlərinin aparılması planlaşdırılır.



Ellada Rəsul
DenMedia.az

