Bir neçə gün əvvəl Denmedia.az olaraq kənd ərazisində məişət tullantılarının aylardır daşınmaması, zibil yığınlarının artması və bunun sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaratması ilə bağlı xəbər dərc etmişdik.
Materialda qeyd olunurdu ki, tullantılar ətrafa kəskin qoxu yayır, milçək və digər həşəratların çoxalmasına səbəb olur, bu isə kənddə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır.
Xəbərin dərcindən sonra aidiyyəti qurumlar tərəfindən məsələ nəzarətə götürülüb. Görülən operativ tədbirlər nəticəsində sözügedən ərazi xüsusi texnikalar vasitəsilə məişət tullantılarından tamamilə təmizlənib və ərazidə sanitar vəziyyət bərpa olunub.
Bu barədə əməkdaşımıza Xaçmaz Rayon İcra Hakimiyyətindən də məlumat verilib. Bildirilib ki, qaldırılan problem araşdırılıb və tullantıların daşınması təmin edilərək ərazi təmizlənib.
Qeyd edək ki, ictimai nəzarət və operativ media fəaliyyəti yerli problemlərin həllinə mühüm töhfə verir. Denmedia.az bundan sonra da vətəndaşları narahat edən məsələləri diqqətdə saxlayacaq, onların operativ həlli istiqamətində ictimaiyyətin məlumatlandırılmasını davam etdirəcək.


Nüşabə Baxşıyeva
Denmedia.az

