Xaçmaz rayonunun Çarxı kəndində uzun müddətdir davam edən antisanitar vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
Denmedia.az-ın Şimal bürosunun məlumatına görə, kənddə yerləşən zibil xəndəkləri aylardır təmizlənmir.
Nəticədə əraziyə üfunətli qoxu yayılır, milçəklərin, ağcaqanadların və gəmiricilərin sayı artır. Bu isə həm ətraf mühitin çirklənməsinə, həm də sakinlərin sağlamlığı üçün ciddi risklərin yaranmasına səbəb olur.
Yerli sakinlər bildirirlər ki, artıq bu problemdən beziblər və aidiyyəti qurumların məsələni həll etməsini gözləyirlər.
Məsələ ilə bağlı Çarxı kənd bələdiyyəsinin sədri Akif Nöhbalayevlə telefon əlaqəsi saxladıq. Bələdiyyə sədri problemdən xəbərdar olduğunu desə də, "Hazırda başım qarışıqdır", - cavabı ilə kifayətləndi.
Bələdiyyə sədrinin əraziyə gələcəyini gözləsək də, bu baş vermədi. El arasında deyildiyi kimi, "daşdan səs çıxdı, amma sədrdən səs çıxmadı". Görünür, bu problem bələdiyyə sədrinin də nitqini qurudub.
Qeyd edək ki, problemin aradan qaldırılması üçün zibil xəndəklərinin mütəmadi təmizlənməsi, dezinfeksiya işlərinin aparılması və ərazidə sanitar vəziyyətin nəzarətdə saxlanılması zəruridir. Ümid edirik ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürəcək, əraziyə baxış keçirəcək və sakinləri narahat edən bu problem qısa zamanda öz həllini tapacaq.

Nüşabə Baxşıyeva
Denmedia.az

