Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın uzun müddət fiziki və psixoloji zorakılığa məruz qaldığı bildirilir. Hazırda yeniyetmə sığınacağa yerləşdirilib və həyatında ilk dəfə təhsil almağa başlayıb.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Onun sözlərinə görə, anası yenidən ailə qurduqdan və ailədə körpə dünyaya gəldikdən sonra qıza münasibət dəyişib. Yeniyetmənin mütəmadi olaraq döyüldüyü və psixoloji təzyiqlərə məruz qaldığı iddia olunur.
Qızın bibiləri onu qorumaq üçün dəfələrlə müdaxilə etməyə çalışıblar. Nəticə əldə etmədikdə isə aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Araşdırmadan sonra uşaq anasının yanından götürülərək sığınacağa yerləşdirilib.
Mehriban Zeynalovanın sözlərinə görə, 14 yaşına qədər heç vaxt məktəbə getməyən qız hazırda sığınacaqda əlifbanı öyrənir. O, sığınacağa gətirildikdən sonra da təhdidlərlə üzləşib və qorxu içində yaşayıb.
Yaşadığı bütün çətinliklərə baxmayaraq, yeniyetmənin gülümsəməyi unutmadığı bildirilir.

