Hindistanın şərq sahillərini vuran “Arnab” siklonu güclü külək, leysan yağışları və daşqınlarla ciddi dağıntılara səbəb olub.
Andhra-Pradeş və Odişa ştatlarında 180 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Sürəti saatda 150 kilometrə çatan külək ağacları və elektrik dirəklərini aşırıb, yaşayış evlərinə ziyan vurub. Güclü dalğalar və yağışlar sahilyanı ərazilərdə su basması təhlükəsini artırıb.
Təbii fəlakət nəqliyyatın fəaliyyətini də pozub. Bəzi aviareyslər və qatar səfərləri ləğv edilib, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
İlkin rəsmi məlumatlarda azı 3 nəfərin öldüyü bildirilir. Bəzi yerli media orqanları isə ölənlərin sayının 9-a yüksəldiyini xəbər verib. Bu rəqəm hələ müstəqil şəkildə təsdiqlənməyib.
Fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.

