ABŞ-da Hellouin bayramı ərəfəsində valideynlərə uşaqlarına verilən şirniyyatlarla bağlı xəbərdarlıq edilib.
Ağ Evin Narkotiklərlə Mübarizə Siyasəti İdarəsinin rəhbəri Sara Karter bildirib ki, bəzi narkotik maddələr zahiri görünüşünə görə konfetlərlə qarışdırıla bilər.
O, sosial şəbəkədəki paylaşımında xüsusilə “göy qurşağı fentanili” adlandırılan, parlaq rəngli həblərə diqqət çəkib. Bu həblərin adi şirniyyatlara bənzədiyi qeyd olunub.
Karter valideynləri Hellouin zamanı uşaqların topladıqları şirniyyatları diqqətlə yoxlamağa çağırıb.
“Uşaqlarınıza onları sevdiyinizi, qayğılarına qaldığınızı və bayramdan zövq almalarını istədiyinizi başa salın. Amma evə qayıdıb şirniyyatları yoxlayana qədər onların heç nə yeməsinə icazə verməyin”, – deyə o bildirib.
Rəsmi valideynlərin bayram sevincini məhdudlaşdırmadan uşaqlarının təhlükəsizliyinə xüsusi diqqət yetirməsini tövsiyə edib.

