Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Denmedia.az Teleqraf-a istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baxılacaq.
Cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən araşdırılıb.
Əli Kərimli və Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Həmin maddə üzrə 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Hər iki şəxs ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində həbs edilib.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 14 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Lakin yaşı və səhhəti nəzərə alınaraq cəzası şərti tətbiq edilib.
Məhkəmə, həmçinin onun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi və əmlakının xüsusi müsadirə olunması barədə qərar qəbul edib.

