Bakı məktəblərində vakant və müvəqqəti vakant yerlərə müəllimlərin işə qəbulu elan edilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, qəbul idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində boş qalan və sosial məzuniyyətlə əlaqədar müvəqqəti yaranan vakant yerlərin kadr təminatını həyata keçirmək məqsədi daşıyır.
İşə qəbul dörd fənn üzrə aparılacaq:
-
Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi);
-
Riyaziyyat (Azərbaycan bölməsi);
-
İngilis dili (Azərbaycan bölməsi);
-
İbtidai sinif (Azərbaycan bölməsi).
Qeyd olunub ki, cari ildə keçirilmiş Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak edərək Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər müraciət edə bilərlər.
Namizədlər müraciət zamanı şəxsiyyət vəsiqələrini və müvafiq ixtisas üzrə diplomlarını təqdim etməlidirlər.
Tələblərə cavab verən şəxslər noyabrın 2-dən etibarən saat 11:00-dan 17:00-dək müvafiq sənədlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edə bilərlər.

