Belçikanın Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı razılıq əldə edə bilmədiyi üçün istefa ərizəsini Kral Filippə təqdim edib.
Bu barədə Belçika Kral Sarayının “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
Məlumata görə, hökumət koalisiyasındakı partiyalar 2027-ci ilin büdcəsi üzrə ortaq mövqeyə gələ bilməyiblər.
Kral Filipp hələlik Baş nazirin istefasını qəbul etməyib. Monarxın noyabrın 3-dən etibarən hakim koalisiyada təmsil olunan siyasi partiyaların rəhbərləri ilə məsləhətləşmələr aparacağı gözlənilir.
Bildirilib ki, Belçika hökuməti təxminən 10 milyard avroluq büdcə kəsirinin azaldılması üçün çıxış yolu axtarır. Müdafiə xərclərinin artırılması və dövlət borcunun yüksəlməsi ölkənin maliyyə vəziyyətini daha da çətinləşdirir.
Böhrandan çıxış yolları arasında sosial xərclərin azaldılması, eləcə də vergi və digər ödənişlərin artırılması müzakirə olunur. Lakin hakim koalisiyadakı partiyalar bu tədbirlərlə bağlı razılığa gələ bilmirlər.
“Kral ölkənin mövcud çağırışlarına cavab verən etibarlı büdcə üzrə razılaşmanın əldə olunmamasından təəssüfləndiyini bildirir. Ciddi geosiyasi qeyri-müəyyənlik və mühüm iqtisadi çətinliklər şəraitində ölkə uzunmüddətli siyasi böhrana yol verə bilməz”, – deyə Kral Sarayının açıqlamasında qeyd olunub.
Noyabrın 6-da Kral Filippin Bart De Veverlə yenidən görüşməsi nəzərdə tutulur.

