ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresin hər iki palatasında çoxluğun demokratların əlinə keçəcəyi təqdirdə siyasi kursunu davam etdirmək üçün xüsusi strategiya hazırlayır.
Reuters agentliyinin məlumatına görə, Ağ Evdə bununla bağlı hazırlıqlara hələ aprel ayında başlanılıb.
Bildirilir ki, Trampın komandası Konqresin razılığı olmadan prezidentin hansı qərarları qəbul edə biləcəyini, səlahiyyətlərinin hüquqi sərhədlərini və mümkün məhkəmə çəkişmələrində həmin qərarların necə müdafiə olunacağını araşdırır.
“Prezidentin qanun çərçivəsində müstəqil olaraq nələr edə biləcəyi, səlahiyyətlərinin sərhədlərini nə dərəcədə genişləndirə biləcəyi və bu qərarların məhkəmədə necə müdafiə olunacağı öyrənilir”, – deyə mənbələr bildiriblər.
Hazırlanan plan idxal rüsumları, viza və miqrasiya siyasəti, mənzil təminatı və federal büdcə vəsaitlərinin bölüşdürülməsi kimi sahələri əhatə edir.
Məlumata görə, administrasiya yeni gömrük tariflərinin tətbiqi, viza qaydalarının sərtləşdirilməsi və dövlət xərclərinin idarə olunması istiqamətində prezidentin mövcud səlahiyyətlərindən istifadə imkanlarını nəzərdən keçirir.
Bununla yanaşı, Ağ Evin hüquqşünasları Konqres tərəfindən başlana biləcək araşdırmalara və məhkəmə mübahisələrinə hazırlıq görürlər.
Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Demokratların hər iki palatada çoxluğu əldə etməsi Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinin həyata keçirilməsini çətinləşdirə bilər.

