30 yaşdan kiçik gənclərin paltar və yataq dəstlərini digər nəsillərin nümayəndələrinə nisbətən daha az yuduqları məlum olub.
Bu barədə Dr. Beckmann yuyucu vasitələr istehsalçısının sifarişi ilə aparılan araşdırmanın nəticələrinə istinadən Daily Mirror nəşri məlumat yayıb.
Sorğunun nəticələrinə əsasən, Z nəslinin nümayəndələrinin 69 faizi valideynlərindən ayrı yaşamağa başladıqdan sonra paltar yumağı təxirə saldıqlarını etiraf ediblər.
Respondentlərin təxminən üçdəbiri müstəqil həyatlarının ilk həftələrində, hətta aylarında paltaryuyan maşından ümumiyyətlə istifadə etməyiblər.
16 faiz isə yalnız qarderoblarında geyinməyə təmiz paltar qalmadıqda onları yuduqlarını bildiriblər.
Araşdırmada daha bir maraqlı məqam üzə çıxıb. Belə ki, gənclərin 19 faizi paltarlarını yumadan bədən spreyi və ya dezodorant vasitəsilə təravətləndirməyə çalışıblar.

10 faiz isə geyinməyə təmiz paltarları olmadığı üçün dostları ilə görüşməkdən imtina etdiklərini etiraf ediblər.
Sorğuda iştirak edənlərin 33 faizi paltaryuyan maşından istifadə etməyi demək olar ki, bacarmadıqlarını bildiriblər.
Bundan əlavə, 28 faiz hansı yuma proqramını, suyun temperaturunu və nə qədər yuyucu vasitə seçməli olduqlarını bilmədiklərini qeyd ediblər.
Araşdırmanın nəticələri gənclərin bir hissəsinin müstəqil həyata başladıqdan sonra gündəlik məişət işlərini yerinə yetirməkdə çətinlik çəkdiklərini göstərir.

