ABŞ Prezidenti Donald Tramp İranla uzanan müharibəyə görə məsuliyyəti kimin üzərinə qoyacağını müəyyənləşdirməyə çalışır.
Bu barədə The Atlantic jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp bu məqsədlə müşavirlərindən Pentaqon rəhbəri Pit Heqsetin və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin fəaliyyəti barədə soruşur.
“Tramp İranla müharibənin günahını üzərinə ata biləcəyi birini axtarır. Prezident hərbi zərbələri bərpa edə bilər, lakin eyni zamanda müttəfiqlərindən Pit Heqsetin və Den Keynin işi barədə fikirlərini öyrənir”, – deyə məqalədə bildirilir.
Mənbələrin sözlərinə görə, Trampın diqqəti müharibənin qısa müddətdə başa çatacağını vəd edən şəxslərə yönəlib. Prezidentə münaqişənin ABŞ Konqresinə aralıq seçkilərdən xeyli əvvəl yekunlaşacağı barədə proqnozlar verilmişdi.
Heqset və Keyn müharibənin ilkin mərhələsində onun perspektivlərini müsbət qiymətləndirən rəsmilər arasında olublar.
Nəşrin həmsöhbətləri bildiriblər ki, Pentaqon rəhbəri Ağ Evdə o qədər də populyar deyil. Trampın yaxın çevrəsindəki bəzi şəxslər hesab edirlər ki, Heqset prezidentə İranla münaqişənin gedişi barədə həddindən artıq nikbin mənzərə təqdim edir.
“Heqset prezidentə onun eşitmək istədiklərini deməyi yaxşı bacarır”, – deyə mənbələrdən biri vurğulayıb.
Bununla belə, Ağ Ev Trampın hər iki rəsmiyə tam etimad göstərdiyini bildirib. Pentaqon da Heqsetin müharibə barədə məlumatları təhrif etməsi ilə bağlı iddiaları rədd edib.

