Badamın müntəzəm istehlakı qanda zərərli xolesterinin səviyyəsini azaltmağa, iltihabi prosesləri zəiflətməyə və bədən çəkisini nəzarətdə saxlamağa kömək edə bilər.
Bu nəticəyə Səudiyyə Ərəbistanının Qasim Universitetinin alimləri gəliblər. Araşdırmanın nəticələri “Frontiers in Nutrition” elmi jurnalında dərc olunub.
Tədqiqatçılar badamın böyüklərin sağlamlığına təsirini araşdıran səkkiz sistematik icmalı və randomizə olunmuş tədqiqatların meta-analizlərini təhlil ediblər. Bu zaman maddələr mübadiləsi, bədən çəkisi, iltihab göstəriciləri və iştahdakı dəyişikliklər qiymətləndirilib.
Məlum olub ki, badam istehlakı ümumi xolesterinin və “pis xolesterin” kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin (LDL) səviyyəsinin azalması ilə əlaqəlidir.
Bundan əlavə, ürək-damar xəstəlikləri riski ilə bağlı digər lipid mübadiləsi göstəricilərində də müsbət dəyişikliklər müşahidə edilib.
Xüsusilə maraqlı nəticələr bədən çəkisi ilə bağlı əldə olunub. Ayrı-ayrı təhlillər göstərib ki, gündə ən azı 50 qram badam istehlak edilən və 12 həftə və daha uzun davam edən tədqiqatlarda bədən çəkisi, bel çevrəsi və yağ kütləsində azalma qeydə alınıb.
İştirakçılarda aclıq hissinin azalması da müşahidə olunub.
Alimlər badamın iltihab və oksidləşdirici stress göstəricilərinə də müsbət təsir göstərə biləcəyini müəyyən ediblər.

Belə ki, tədqiqatlarda C-reaktiv zülalın və toxumaların zədələnməsində iştirak edən bəzi iltihabi molekulların səviyyəsində azalma aşkarlanıb.
Mütəxəssislərin fikrincə, badam ürək sağlamlığının və maddələr mübadiləsinin dəstəklənməsi üçün gündəlik qidalanmaya faydalı əlavə ola bilər.
Bununla belə, alimlər nəticələrin tam təsdiqlənməsi üçün daha keyfiyyətli və genişmiqyaslı araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

