ABŞ-də qadınları cinsi istismar məqsədilə insan alverinə cəlb etməkdə və cinsi zorakılıqda təqsirli bilinən üç qardaşın hər biri 30 il müddətinə azadlıqdan məhrum edilib.
People nəşrinin məlumatına görə, Nyu-Yorkun Manhetten rayonundakı federal məhkəmə 40 yaşlı Tal Aleksander və onun 39 yaşlı əkiz qardaşları Oren və Alon Aleksander barəsində hökm çıxarıb.
Qardaşlar bu ilin martında var-dövlətlərindən və cəmiyyətdəki nüfuzlarından istifadə edərək qadınları dəbdəbəli məclislərə və bahalı evlərə cəlb etməkdə, onlara narkotik təsirli maddələr verərək cinsi zorakılığa məruz qoymaqda təqsirli biliniblər.
Hökmü elan edən hakim Valeri Kaproni onların hərəkətlərini “dəhşətli” adlandırıb və qardaşları Robert Stivensonun məşhur əsərinin qəhrəmanları doktor Cekill və mister Haydla müqayisə edib.
“Sizin cinayətləriniz onların həyatlarını alt-üst etdi”, – deyə hakim zərərçəkənlərə istinadən bildirib.
Aleksander qardaşlarının məhkəmə prosesi son illərdə Nyu-Yorkda cinsi cinayətlərlə bağlı ən səs-küylü işlərdən birinə çevrilib.
Məhkəmə zamanı 11 qadın ifadə verib. Onların bəziləri zorakılığa məruz qaldıqları vaxt yetkinlik yaşına çatmamış olublar.
Zərərçəkənlərin sözlərinə görə, qardaşlar onlara bahalı hədiyyələr alıb, Aspen və Baham adalarına səyahətlər təşkil edib, daha sonra içkilərinə narkotik təsirli maddələr qataraq cinsi zorakılığa məruz qoyublar.
Prokurorluğun məlumatına əsasən, təxminən 20 il ərzində azı 70 qadın qardaşların əməllərindən zərər çəkmiş ola bilər.
Məhkəmənin qərarı ilə hər üç qardaşa 30 il həbs cəzası verilib. Bundan əlavə, Oren və Alon Aleksanderin hər biri 300 min, Tal Aleksander isə 350 min dollar cərimələnib.
Oren Aleksanderə 17 yaşlı qıza qarşı cinsi zorakılığı əks etdirən videomaterialla bağlı əlavə 50 min dollar ödəniş də təyin edilib.
2024-cü ildə həbs olunan qardaşlar özlərini təqsirli bilmədiklərini bildiriblər və hökmdən apellyasiya şikayəti vermək niyyətindədirlər.

