Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinərək beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Monteneqroda saxlanılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, Dadaş Balakişi oğlu Dadaşzadənin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Bildirilib ki, Baş Prokurorluğun Monteneqronun Ədliyyə Nazirliyinə göndərdiyi sorğu, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində şəxsin ölkəmizə təhvil verilməsi razılaşdırılıb.
Sabunçu Rayon Polis İdarəsində aparılan ibtidai istintaq zamanı Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub.
Lakin istintaqdan yayınaraq gizləndiyi üçün Dadaş Dadaşzadə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilən tədbirlər nəticəsində onun Monteneqro ərazisində olduğu yer müəyyən edilərək saxlanılması təmin olunub.
Hazırda Dadaş Dadaşzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək ölkəmizə gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığını davam etdirəcəyini bildirib.

