Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib.
Bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov “X” sosial şəbəkəsində məlumat yayıb.
Səfir bildirib ki, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi və diplomatik nümayəndəliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
“Azərbaycanın Özbəkistandakı səfirliyinin və səfirlik nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ‘Hyatt Regency Tashkent’ hotelində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli rəsmi qəbul keçirilib”, – deyə diplomat qeyd edib.
Tədbirdə Özbəkistan hökumətinin və beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusun üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Rəsmi qəbulda, həmçinin Azərbaycan diasporunun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri də yer alıblar.




