ABŞ-də Demokratlar Partiyasından olan senator Kris Mörfi (Chris Murphy) İranla bağlı hərbi planları sərt tənqid etməsindən bir neçə gün sonra insult keçirib.
Bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, 53 yaşlı senator oktyabrın 31-də oğlunun xokkey oyununu izləyərkən qolunda keyimə hiss edib. Xəstəxanaya çatdırılan Mörfinin müayinəsi zamanı insult keçirdiyi müəyyənləşib.
Senator daha sonra əlavə tibbi nəzarət üçün Baltimordakı Cons Hopkins xəstəxanasına köçürülüb.
Mörfinin aparat rəhbəri Allison Hervitt noyabrın 1-də açıqlama verərək senatorun huşunun yerində olduğunu və müalicəyə müsbət cavab verdiyini bildirib.
Həkimlər onun səhhətindəki irəliləyişdən razıdırlar və tam sağalacağına ümid edirlər.
Qeyd edək ki, Mörfi səhhətində problem yaranmazdan bir neçə gün əvvəl Pentaqon rəsmilərindən İranla bağlı mümkün hərbi əməliyyat planları haqqında məlumat aldığını açıqlamışdı.
Senator Tramp administrasiyasının hərbi hazırlıqlarını “ağılsızlıq” adlandıraraq mümkün hücumların bölgədə münaqişəni daha da genişləndirə biləcəyi barədə xəbərdarlıq etmişdi.
ABŞ Prezidenti Donald Tramp da senatorun xəstəxanaya yerləşdirilməsinə münasibət bildirib. O, hadisədən yenicə xəbər tutduğunu və münasib vaxtda Mörfi ilə əlaqə saxlayacağını deyib.

