Uzunömürlü insanların sağlam qalmasına kömək edən sadə gündəlik vərdiş məlum olub.
Uzunömürlülüyün daha çox müşahidə edildiyi “mavi zonalar”ı araşdırması ilə tanınan tədqiqatçı Den Byuttner (Dan Buettner) bu barədə Terra nəşrinə açıqlama verib.
“Uzunömürlü insanlar şüurlu şəkildə sağlam həyat tərzi sürməyə çalışmırlar. Onlar sadəcə öz gündəlik həyatlarını yaşayırlar”, – deyə tədqiqatçı bildirib.
Onun sözlərinə görə, bu insanlar idman zalına getmək əvəzinə açıq havada daha çox hərəkət edirlər. Məsələn, gündəlik gəzintilər zamanı özləri də fərqinə varmadan 10–12 min addım ata bilirlər.
Mütəxəssis qeyd edib ki, həmin bölgələrdə ətraf mühitin özü insanları daha fəal olmağa təşviq edir. Bu baxımdan bağçılıqla məşğul olmaq da mühüm rol oynayır.

“Bağçılıq insanın torpaqla ahəngdar hərəkətidir. Əyilmək, dartınmaq və bitki əkmək bədənin hərəkətliliyini artırır, ruhun isə həyat tempini yavaşlatmasına kömək edir”, – deyə Byuttner izah edib.
Tədqiqatçının fikrincə, açıq havada bu cür fəaliyyətlər ürəyi gücləndirir və zehni sakitləşdirir. O hesab edir ki, belə məşğuliyyətlər bu baxımdan daha intensiv fiziki məşqlər qədər təsirli ola bilər.

