İrandan Azərbaycana pilotsuz uçuş aparatları (PUA) vasitəsilə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd zastavalarının xidməti ərazilərində İrandan Azərbaycana ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin keçirilməsinə imkan verilməyib.

Keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycanın hava məkanına qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkar edilərək zərərsizləşdirilib.
Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd zastavasının ərazisindən 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd zastavasının ərazisindən isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

