ABŞ-da Konqresə keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının hər iki palatada çoxluğu itirməsi Ağ Evdə gərgin atmosfer yaradıb.
“The Daily Mail” nəşri Amerika administrasiyasına yaxın mənbələrə istinadən xəbər verir ki, seçki gecəsi nəticələri izləyən Prezident Donald Tramp respublikaçıların məğlubiyyətinin miqyası məlum olduqdan sonra qəzəblənib.
Mənbənin sözlərinə görə, saat 23:00 radələrində Tramp “Fox News” telekanalında seçkilərin nəticələrini izləyib və demək olar ki, heç nə danışmayıb.
“Prezidentin iqamətgahında son dərəcə ağır ab-hava hökm sürür. Vəziyyət çox gərgindir”, – deyə mənbə bildirib.
Nəşrin yazdığına görə, Ağ Evin Şərq zalında təşkil olunan seçki gecəsi tədbirinin iştirakçıları nəticələr açıqlandıqca məkanı tərk etməyə başlayıblar. Demokratların Nümayəndələr Palatasında qələbəsi elan edilən zaman zal demək olar ki, boşalıb.
Administrasiyadakı bəzi rəsmilər respublikaçıların uğursuzluğuna görə dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqseti günahlandırıblar.
Mənbələrdən biri bildirib ki, İranla müharibə olmasaydı, seçki gecəsinin nəticələri fərqli ola bilərdi. Onun fikrincə, Tramp məğlubiyyətin məsuliyyətini Heqsetin üzərinə qoya bilər.
Digər mənbə isə Rubionun siyasi gələcəyinin ciddi zərbə aldığını iddia edib. O, ABŞ Prezidentinin xarici siyasəti ilə əlaqəli digər respublikaçıların da oxşar vəziyyətlə üzləşə biləcəyini söyləyib.

