İsrail İranın kimyəvi silahdan istifadə etməyə hazırlaşa biləcəyi barədə ABŞ-a kəşfiyyat məlumatları təqdim edib. Lakin Amerika rəsmiləri məlumatların etibarlılığı ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər.
Bu barədə “The New York Times” məlumat yayıb.
Bəzi ABŞ rəsmiləri İranın Amerika obyektlərinə və maraqlarına mümkün hücumları barədə məlumatları nəzərə alaraq İsrailin xəbərdarlığını ciddi hesab edirlər.
Digərləri isə İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin Vaşinqtonu İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə inandırmağa çalışdığını düşünürlər.
Amerika administrasiyasının bəzi nümayəndələri 2002-ci ildə İraqın kütləvi qırğın silahlarına malik olması barədə ABŞ-ın irəli sürdüyü iddiaları xatırladıblar. Həmin iddialar sonradan Amerika qoşunlarının İraqa müdaxiləsinin əsaslandırılmasında istifadə olunub.
İsrail oxşar kəşfiyyat məlumatlarını Fars körfəzi ölkələrinə də təqdim edib. Lakin bu dövlətlərin bəzi rəsmiləri məlumatlara ehtiyatla yanaşaraq İsrailin münaqişənin daha da kəskinləşməsində maraqlı olduğunu düşünürlər.

