ABŞ-ın Avstriya, Macarıstan, İtaliya və Polşanı Avropa İttifaqından ayırmağı, həmçinin G7-yə “alternativ” kimi Core 5 (C5) adlı yeni təşkilat yaratmağı planlaşdırdığı iddia edilir. Bu məlumat guya ABŞ-ın hələ dərc olunmamış Milli Təhlükəsizlik Strategiyasının gizli hissəsində yer alır. Məlumatı Defense One portalı yayıb.
Nəşrin yazdığına görə, strategiyanın genişləndirilmiş versiyası jurnalistlərin əlinə rəsmi sənəd dərc olunmazdan əvvəl keçib. “Gizli plan”da ABŞ-ın məqsədinin “Avropanı yenidən böyük etmək” olduğu iddia edilir. Sənədə əsasən, Vaşinqton diqqətini “ideyaca yaxın” ölkələrə yönəltməlidir.
Məqalədə bildirilir ki, Avstriya, Macarıstan, İtaliya və Polşa ABŞ-ın “Aİ-dən ayırmaq üçün daha çox əməkdaşlıq etməli olduğu dövlətlər” kimi göstərilib.
Sənəddə belə bir sitat yer alır:
“Biz suverenliyi və ənənəvi Avropa həyat tərzinin qorunmasını müdafiə edən, eyni zamanda ABŞ-a sadiq qalan partiyaları, hərəkatları və intellektualları dəstəkləməliyik.”
Digər addım — C5 təşkilatının yaradılmasıdır. Buraya əhalisi 100 milyondan çox olan ölkələr daxil edilməlidir: Rusiya, Çin, ABŞ, Hindistan və Yaponiya. Bu ölkələr mütəmadi sammitlər keçirərək qlobal problemləri müzakirə etməlidir. Defense One yazır ki, ilk gündəlik mövzu Yaxın Şərq təhlükəsizliyi və İsrail–Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşdırılması olacaq.
Ağ Ev isə “alternativ strategiya”nın mövcudluğunu rəsmən təkzib edir. Portalın məlumatına görə, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib.
ABŞ 2025-ci il 5 dekabrda yeni Milli Təhlükəsizlik Strategiyasını dərc edib. Sənəddə Vaşinqtonun prioritetləri Ukrayna böhranının həlli və Rusiya ilə münasibətlərin sabitləşdirilməsi kimi göstərilib. Eyni zamanda Aİ-nin tənqidi Avropada ciddi narazılıq yaradıb.

