“Nvidia”nın baş direktoru vəzifəsindən istefa verən Censen Huanqı kimin əvəzləyəcəyi ilə bağlı 11 mümkün namizədin adı açıqlanıb.
“Axios” nəşrinin məlumatına görə, əsas namizədlərdən biri şirkətə müvəqqəti rəhbərlik edən maliyyə direktoru Kolett Kressdir.
Namizədlər arasında CUDA platformasının hazırlanmasında iştirak etmiş vitse-prezident İan Bak və “Nvidia”nın həmtəsisçisi Kris Malaxovski də yer alır.
Şirkətin Direktorlar Şurası yeni rəhbər seçimində həm daxili əməkdaşları, həm də kənar namizədləri nəzərdən keçirməyi planlaşdırır.
Huanqın qızı Medison Huanq da gələcəkdə şirkətə rəhbərlik edə biləcək şəxslərdən biri kimi göstərilir. O, hazırda fiziki süni intellekt məhsullarının marketinqi sahəsində çalışır. Lakin onun vəzifəsi təcrübəli rəhbərlərlə müqayisədə daha aşağı səviyyədədir.
Kənar namizədlər arasında “Arm” şirkətinin rəhbəri Rene Haas, “AMD”nin baş direktoru Liza Su və “Apple”ın aparat təminatı üzrə rəhbəri Coni Sruci də var.
Siyahıya həmçinin “Palo Alto Networks” şirkətinin rəhbəri Nikeş Arora, “Google Cloud”un baş direktoru Tomas Kurian, “Apple”ın keçmiş rəhbəri Tim Kuk və “Intel”in sabiq baş direktoru Pet Gelsinger daxil edilib.
Hazırda “Nvidia”nın Direktorlar Şurası daimi baş direktorun seçilməsi prosesini davam etdirir. Yekun qərar hələ açıqlanmayıb.

